20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycana məxsus “Mi-8” tipli hərbi helikopter Ermənistan silahlı bölmələri tərəfindən vurulub. Nəticədə 22 nəfər Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət xadimləri və digər nümayəndələr həlak olublar. Onların sırasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov və başqaları olub.

Rəsmi olaraq, vertolyotun dumana düşərək qayaya çarpılması deyilib. Lakin bir neçə gün sonra helikopterin erməni silahlı birləşmələri tərəfindən vurulduğu təsdiqini tapıb. Vurulmuş vertolyotun “qara qutusu” Azərbaycan hakimiyyəti tərəfindən Moskvaya təhvil veriləndən sonra onun yandığı elan edilib. Terrorun baş verdiyi ərazinin işğal olunması isə istintaqın tam dayandırılmasına səbəb olub.

Qarakənd faciəsi nəticəsində Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar pozulmuşdur.