Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda növbəti reydlər aparıb. Bu haqda bu gün, 23 noyabr tarixində agentliyin mətbuat xidməti məlumat verib.
Verilən məlumata görə, yoxlamalar zamanı Xətai rayonunun “Dostmart”, Səbail rayonunun “Alko” və Nərimanov rayonundakı “Topdan” marketləri obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsinə görə cərimələnib. Oxşar nöqsanlara görə Nərimanov rayonunda “Alibaba Lounge” iaşə obyekti cəzalanıb.
Yoxlamalar zamanı, həmçinin Binəqədi və Sabunçu rayonlarında yerləşən 7 ət kəsimi məntəqəsi cərimələnib. Onların ikisinə qarşı inzibati protokol tərtib edilib, 4 məntəqəsində yenidən bərpa edilmiş qurğular sökülüb, obyektlərdən birinə qarşı isə həm inzibati protokol tərtib edilib, həm də qurğular sökülüb.