Bakının Xəzər rayonu, Türkan qəsəbəsində avtobus marşrutları ilə problem yaşanır. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

10 mindən çox insanın yaşadığı qəsəbənin sakinləri qeyd olunan təsadüfi marşrutdan, avtobusların yararsızlığından yorulduqlarını deyirlər. Bununla bağlı dəfələrlə Bakı Nəqliyyat Agentliyinə müraciət etsələr də, problem həllini tapmayıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələ ilə bağlı bildirib ki, 101 saylı marşrut xəttində yaranmış acınacaqlı vəziyyətdən xəbərdardırlar.

Mais Ağayev onu da qeyd edib ki, rayonda yeni avtobusların istifadəyə verilməsinə əsas maneə yol infrastrukturunun bərbad vəziyyətdə olmasıdır. O əlavə edib ki, BNA artıq müvafiq qurumlarla danışıqlar aparıb.