Bakının Sabunçu qəsəbəsində bir və iki mərtəbəli yaşayış binaları sökülür. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Ölkə.az-a istinadən məlumat verir.

Hazırda söküntü Xəstəxanayanı küçəsi, ev 39, 41 və 43 ünvanlarında aparılır. Sakinlərin verdiyi məlumata görə, mənzilləri təhvil verən vətəndaşlar aylıq 300 manat kirayəhaqqı alaraq evlərdən çıxıblar. Bəzi sakinlərlə hələ də danışıqlar aparılır.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin köçürülməsi, eləcə də evlərin sökülərək yeni çoxmənzilli binaların tikilməsi istiqamətində işlər davam etdirilir.

Qarşılıqlı razılaşma əsasında həmin binaların yerində müasir standartlara uyğun tikiləcək çoxmənzilli yaşayış binalarından sakinlərə əsaslı təmirli mənzillərin verilməsi, mənzildən imtina edən sakinlərə müvafiq kompensasiyaların ödənilməsi nəzərdə tutulur. Hər kvadratmetrə görə sakinlərə min manatın ödənilməsi nəzərdə tutulub.