Xətai rayonunun Cavanşir küçəsi əsaslı təmir edilib. Bu haqda BakuPlus.az Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
1400 metr uzunluğa malik sözügedən küçədə frezlənmə işləri aparılıb, mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib. Küçə boyunca 2800 poqonmetr yeni bordür, 762 poqonometr yeni səki daşları düzülüb.
Daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, kommunikasiya xətlərinə aid quyu qapaqları layihə hündürlüyünə qaldırılıb və zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılıb.
Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılıb.
Xətai rayonu üzrə ümumi uzunluğu 13 kilometrdən çox olan küçələrin təmiri bu ilin sonuna qədər yekunlaşdırılacaq. Ötən il rayon ərazisində 14,2 kilometr ümumi uzunluğa malik küçələrdə təmir işləri aparılıb.
