XIX və XX əsrin əvvəllərində apteklər əhalini təkcə dərmanlarla təmin etmirdi. Bütün kosmetik, kimyəvi preparatlar, eləcə də heyvandarlıq, bağçılıq və s. üçün maddələr aptekdə hazırlanırdı. Dərmanların çoxu apteklərdə hazırlandığından bu işə xüsusi təlim keçmiş insanlar: provizorlar (dərman hazırlayan aptek işçisi), onların köməkçiləri və şagirdləri cəlb olunurdu. [Аптеки г. Баку и Бакинского уезда — OurBaku]

Bakıda ilk aptek şəhər quberniya paytaxtı olandan sonra, 1860-cı ildə yaradılmışdır. Həmin aptekin sahibi polşalı əczaçı Karl Eyxler idi. Eyxlerin apteki 1878-ci ilə qədər Bakının yeganə əczaxanası idi. 1890-cı ildə Bakıda artıq 5 aptek fəaliyyət göstərirdi. [Аптека Эйхлера – Межина – Цыпкиной — OurBaku]

Həmin il Bakı tibb idarəsinə müxtəlif şəxslər tərəfindən yeni aptekin açılmasına dair müraciətlər edilmişdi. O zamankı “Kaspi” qəzetinin verdiyi məlumata əsasən, əhalinin müraciətinə görə həmin yeni apteklərin şəhərin Şamaxı küçəsində, Çəmbərəkənddə, Təzəpir ərazisində və digər ucqar yerlərində açılması nəzərdə tutulurdu. Belə ki, şəhərin ucqar yerlərində yaşayan əhali adi bir dərman almaq üçün şəhərin mərkəzinə üz tutmalı olurdu. [Газета “Каспий”, 11 июля 1890, № 147]

Hətta belə təklif irəli sürürdülər ki, açılacaq yeni apteklərdə ilk 5 il ərzində kasıb əhaliyə yazılan dərmanlar aşağı qiymətlərlə satılsın. Lakin Bakının o zamankı qubernatoru Vladimir Roqqenin 1873-cü ildə verilmiş Sərəncamına əsasən, “apteklərin fəaliyyətinə dair normativlərin” pozulacağı əsas gətirilərək bu cür təkliflər rədd edilir. Bu normativə görə, şəhərdə fəaliyyət göstərən hər aptekin öhdəsinə 10 min nəfərdən çox əhali və onlara yazılan 15 mindən çox resept düşürdü. Qubernator Bakının əhalisi o zamanlar 86 min nəfər olduğundan yeni apteklərin açılmasına ehtiyac olmadığını iddia edirdi. [“Каспий”, 12 октября 1890, № 219]

1893-1917-ci illərdə Bakıda daha 13 aptek açılmışdır.

Şəhərdəki apteklərdən əlavə, Bakının kəndlərində 8 aptek fəaliyyət göstərirdi. Bunlar Balaxanı, Sabunçu, Ramana, Maştağa, Suraxanı, Biləcəri, Pırşağı, Mərdəkan və Mərdəkan aptekinin Buzovna kənd filialı idi.

Apteklərin fəaliyyətinə nəzarəti ildə bir dəfə qəfil yoxlamalar aparan müfəttişlər həyata keçirirdi. Onlar dərman vasitələrinin düzgün buraxılması və hazırlanmasını, sanitar vəziyyəti, aptekin sənədlərinin, mühasibat və hesabat kitablarının tələblərə uyğunluğunu qiymətləndirirdilər. [https://azerhistory.com/?p=10533]