Kamal Əhməd oğlu Əhmədov 28 fevral 1940-cı ildə Bakıda, İçərişəhərdə inşaatçı-mühəndis  ailəsində anadan olub.

Ailə bir müddət Ağdamda yaşayır. Valideynləri vəfat etdikdən sonra atasının vəsiyyətinə uyğun olaraq, Kamalı Bakıya aparıb, Şüvəlan uşaq evinə verirlər və o, 18 yaşınadək burada qalır. Uşaq evinin direktoru onunla rəsmlə məşğul olur, sərgi və konsertlərə aparır, poeziyaya olan marağını təqdir edir. Uşaq evində keçirilən görüşündə Səməd Vurğun Kamalın şeir söyləməsini bəyənir. Şair səkkiz yaşlı Kamalı qucağına alıb, onun böyük gələcəyinin olacağını söyləyir. [Афет Ислам. А он, мятежный, просит бури…Каспiй.-2017. – 27 мая. – С. 19-20.]

Kamal 1964-cü ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Deyilənlərə görə, sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini çətinliklə başa vurur. Ona müəllimi, rəssam Vəcihə Səmədova kömək edirdi.

Kamalın rəssam Səttar Bəhlulzadə ilə tanışlığı sənətkarın həyat tərzinə, fikirlərinə təsir göstərir. O, Səttar Bəhlulzadə kimi, Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, “dərviş”ə çevrilir. Kamal uzun müddət Abşeronun Görədil kəndində yarıuçuq, elektrik cərəyanı olmayan evdə yaşayır və yaradır. [https://modern.az/az/news/133343/ressam-kamal-ehmed-o-da-bir-xalq-emanetidi- ]

1987-ci ilin aprelində Bakıda Kamal Əhmədin ilk sərgisi keçirilir. Həmin sərgidən sonra o, tez bir zamanda şöhrət qazanır. 1988-ci ildə Moskvada Ümumittifaq sərgisinin diplomuna, 1989-cu ildə isə Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində (rəsm sərgisi) “Qran-pri” mükafatına layiq görülür.

1980-ci illərin sonundan Əhmədovun əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilir, onun işləri muzey və şəxsi kolleksiyalarda saxlanılır. 1989-cu ildə Kamal İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirak edir. Sərgidə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Şəhər meri sərginin açılışında Kamal Əhmədi “müasir incəsənət tarixində yeni şəxsiyyət” adlandırır, hətta onun əllərindən öpür. [Kamal Əhməd, 1940-1994 [İzomaterial]. Bakı-2013] [Афет Ислам. А он, мятежный, просит бури…Каспiй.-2017. – 27 мая. – С. 19-20.]

Kamalın sonuncu əsəri, onun tamamlaya bilmədiyi “Avtoportret. Çarmıxa çəkilmə” olub.

Kamal Əhmədov 29 noyabr 1994-cü ildə xərçəng xəstəliyindən 54 yaşında dünyasını dəyişib.