Bəhai təriqəti XIX əsrin birinci yarısında yaradılıb. Onun prinsipləri: xurafat unudulmalıdır, qadın və kişilər bərabər hüquqa malikdirlər, bütün insanlar təhsil almalıdırlar, bütün insanlar vahid bir ailənin üzvü olmalıdırlar, din dostluğa və həmrəyliyə səbəb olmalıdır. [Bəhai dini və Bəhai dünya Birliyi. Azərbaycan bəhailəri ruhani məhfili. Bakı-1998]

XIX əsrin ikinci yarısında Bakıda artıq Bəhai icması fəaliyyət göstərirdi. Mikayıl Müşfiqin atası, xızılı Mirzə Əbdülqədir İsmayılzadə icmanın yaradılmasında rol oynamışdır. Bakı Bəhai icmasının arxivində 1887-ci ildə “Çadrovı” (indiki Mirzəağa Əliyev) küçəsindəki evin mülkiyyət hüququna dair sənəd var.

İlk dəfə azərbaycanlı qızların məktəbə qoyulması bəhailərin dəstəyi ilə olub. Bu hadisələr bəzi ruhanilərin xoşuna gəlmədiyindən, Bakı və onun ətraf qəsəbələrində bəhailərə qarşı təzyiqlər olmuşdur. Hətta tanınmış axund İbrahimxəlil biləndə ki, yeganə oğlu molla Sadiq bəhailiyi qəbul edib, onun ölümünə fitva vermişdir. Bakı qoçuları 1901-ci ildə mollanı neft quyusuna ataraq qətlə yetirirlər. Fitvanın qurbanı olduğu üçün onu müsəlman qəbiristanlığında dəfn etməyə icazə vermirlər. Dostları onu bağ sahələrinin birində torpağa tapşırırlar. Uzun illər sonra onun məzarı Mərdəkan qəbiristanlığına köçürülür.

Milyonçu Musa Nağıyev və xalq şairi Əliağa Vahidin müəllimi kimi tanınan Əbdülxaliq Yusifzadə də Bakı Bəhai Dini icmasının üzvləri olmuşlar. Milyonçunun şəxsi nüfuzu bəhailərə qarşı təzyiqlərin qarşısının alınmasında rol oynamışdır. [Azər Cəfərov. Bəhai dini Azərbaycanda. Bakı-2004]

Azərbaycanda 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra bəhai icmaları təzyiqlərə məruz qaldılar. [https://www.tefekkur.org/erken-bahailik-ve-ictimai-muhiti]

1988-ci ildə Bəhai dininin yenidən açıq fəaliyyət göstərməsi mümkün olub. 1990-cı ildən bəhai icmaları bərpa olunub. 1993-cü ildə Bakı Bəhai icması dövlət qeydiyyatına alınıb.