Buzovna qəsəbəsində bir ailədən 3 nəfərin qətlə yetirilməsi ilə bağlı əlavə faktlar üzə çıxıb. Bu haqda bu gün, 2 dekabr tarixində Qafqazinfo məlumat verib.

Hadisəni törətməkdə şübhəli bilinən Nofəl Səfərov qətlə yetirilən 83 yaşlı Elbrus Muradovun və 77 yaşlı Şahirə Muradovanın nəvəsinin keçmiş əridir.

Səfərov qəssab kimi fəaliyyət göstərib. O, qəssab baltası və bıçağı ilə silahlanaraq keçmiş qayınatasının valideynlərinin evinə gəlib. Daha sonra keçmiş həyat yoldaşının babası Elbrus Muradovu, nənəsi Şahirə Muradovanı və dayısı Rahil Muradovu əvvəlcə balta, sonra isə bıçaqla vuraraq onlara ağır bədən xəsarətləri yetirib. Mənzildən çıxarkən Səfərov keçmiş kürəkəni Elbrus Ağalarovla rastlaşıb və 25 yaşlı gənci baş və boyun nahiyəsindən yaralasa da, onu öldürmədən qaçıb.

Verilən məlumata əsasən, öldürülən, əslən Füzuli rayonundan olan Elbrus Muradov yaşadığı rayonda molla və falçı kimi tanınıb. Nofəl Səfərovun Muradovu ailəsinin dağılmasında təqsirləndirdiyi, onun magiyanın (cadunun) köməyi ilə ailə münasibətlərinə təsir göstərdiyini düşündüyü və cinayəti qisas məqsədilə törətdiyi ehtimal edilir.

Bir müddət əvvəl Muradovlar ailəsi evlərindən külli miqdarda pul və qızıl oğurlanması barədə polisə ərizə ilə müraciət etsə də, bu ifadə əsasında aparılmış araşdırmalar nəticəsində belə bir hadisənin baş vermədiyi və yalan məlumat verildiyi üzə çıxıb.

Hazırda ağır cinayət hadisəsi ilə bağlı gücləndirilmiş əməliyyat-axtarış tədbirləri davam etdirilir.