Bir gecə ərzində insanlar yazıçı Əlisa Nicata kömək etmək üçün 7 min manat toplayıblar. Həm böyük şirkətlər, həm məşhurlar, həm də sadə insanlar kömək təklifi ilə çıxış ediblər. Bu haqda bu gün, 2 dekabr tarixində “Qanun” Nəşr Evinin direktoru öz Facebook səhifəsində Şahbaz Xuduoğlu bildirib.

“Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır.

Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı, bir gecə ərzində 6987 manat toplanılıb. Mən bir anlıq qanadlandım.

Dünən və bu gün yardımlar davam etdi. Yardım edənlər adlarının açıqlanmasını istəməsələr də, yazmağı özümə mənəvi borc bilirəm.

İrşad Elektronics şirkətindən zəng edib istilik sisteminin çəkilişini öz üzərinə götürməyi təklif etdilər. İstilik sistemi üçün lazım olan bütün xərcləri ödədilər. Məbləğ 2339 manat etdi.

Ardından Baku Electronics-dən zəng etdilər, istilik sistemini quraşdırmağı təklif etsələr də, dedim ki, artıq o işi başqa şirkət öz üzərinə götürüb, siz soyuducu, elektron soba və ya mebel işini həll edə bilərsiniz.

Dəyərli futboçumuz Qara Qarayev də istilik sistemi ilə bağlı yardım təklifi etdi.

“Görüş” restoranının sahibi Asif bəy dedi ki, bundan sonra onun bütün ərzaq, yemək təminatını özüm həll edəcəm.

Bir nəfər yazmışdı ki, mən “santexnikəm”, bütün işləri pulsuz görərəm.

Tikinti firmalarından zəng edib evinin təmirini təklif etdilər.

Elçin Əlibəyli isə yazdı ki, “Rafi” Group Təmir və tikinti şirkəti evin təmirini öz üzərinə götürür, “Sobsan” boyaları bütün rəngləmə materiallarını pulsuz verir.

Bir neçə nəfər aylıq 100, 200 manat məbləğində maaş təklif edənlər də var.

Yardım təklifləri, yardımların ard-arası kəsilmir.

Əlisa bəylə bu gün danışdım, deyir, kimin əvvəli, kimin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi-hüdudu yoxdur.

İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmnun qalıb. Həm yardım, həm də təşəkkür edirlər.

Az, ya çox, heç fərq etməz, əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi.

Bir daha əmin oldum: bu xalq möhtəşəmdir!

Biz birlikdə güclüyük!” – Xuduoğlu paylaşımda qeyd edib.