Paytaxtın Nəsimi rayonu, Həzi Aslanov və Əlövsət Quliyev küçələrinin kəsişməsində 25 ildir qəzalı olan binaya heç kim müdaxilə etmir. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.

“Torqovaya” adlanan ərazinin yanında yerləşən bu bina ötən əsrin 90-cı illərində yanğın zamanı dağılıb. O gündən bu günə qədər sakinlər hər gün təhlükə ilə üz-üzə yaşayırlar. Hazırda binanın ətrafında 20 ailə yaşayır. Qəzalı tikili onların binasına ziyan vurur.

“Binada hər yer su və nəmişlikdir. Burada yaşayan sakinlərin hər biri revmatizm və bronxit kimi xəstəliklərdən əziyyət çəkir”, – deyə sakinlər bildirirlər.

Ən maraqlısı isə odur ki, qəzalı binanın 2-ci mərtəbəsində Nəsimi rayonu üzrə 48 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin inzibati ofisi yerləşir. Ancaq qurumdan heç bir cavab almaq mümkün olmadı.

Nəsimi rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ ilə bağlı yazılı formada müraciət olunub. Yaxın gələcəkdə tikili tam bərpa ediləcək.