Bilgəh sakinləri yolsuzluqdan əziyyət çəkirlər. Bu barədə BakuPlus.az Real TV-yə istinadən bu gün, 8 dekabr tarixində xəbər verir.

Qəsəbədə Azərbaycan qadını adlanan küçədə asfalt örtüyünün olmaması sakinlərin gündəlik həyatında çətinliklər yaradır. Şagirdlər məktəbə gedib-gələ bilmirlər, taksi sürücüləri ünvana gəlməkdən imtina edirlər, hətta avtomobili olanlar da bu yolsuzluqdan narahatdırlar.

Sakinlərdən birinin sözlərinə görə, 36 ildir ki, həmin ünvanda yaşayır və bu vəziyyət oranın xoş günüdür, əvvəllər bundan da pis olub.

Sakinlər qeyd edirlər ki, dəfələrlə öz hesablarına yolu təmir etdirməyə çalışıblar, lakin bu, nəticə vermədiyindən çıxış yolunu ancaq asfalt örtüyünün çəkilməsində görürlər.

Bilgəh bələdiyyəsindən bildirilib ki, qəsəbədaxili məhəllə yollarının təmirinə ehtiyac çoxdur:

“Bələdiyyə bu il iki küçəni: Qurtuluş və Şəmsi Əsədullayev küçələrini asfalt örtüyü ilə təmin edib. Yaxın aylarda bələdiyyə daxili imkanları hesabına təmir işlərini həyata keçirəcək”.