Yəqin ki, yola çıxan zaman hər birimizin başına maraqlı hadisələr gəlib. Biz də bu gün onlardan biri barəsində, “Yol əhvalatı” haqda danışacağıq.

Rejissoru Teymur Bəkirzadə, redaktoru Ramiz Rövşən olan film real hadisəyə əsaslanır.

Jurnalist Asim Cəlilov bir dəfə yaşadığı küçədə təyyarə ilə avtomobilin toqquşması, hadisə yerinə avtomobil müfəttişinin gəlməsi ilə sürücünün günahlandırılmasına şahid olur. Yaşanan hadisənin fonunda o, ssenari yazır.

1980-ci ildə ekranlaşdırılan sənət əsərinin aktyor kollektivi və onlar tərəfindən filmdə istifadə olunan imrpovizələr çox zəngindir.

Film Bakıda, Binə Hava Limanında, “Gənclik” metro stansiyası və Xaçmazda lentə alınıb. Təyyarənin enmə səhnəsi isə Əhmədli qəsəbəsi, Ukrayna dairəsində çəkilib.

Baş rollardan biri olan Mustafanı canlandıran Vaxtanq Pançulidze ona kaskadyor təklif olunmasına baxmayaraq, Paşanın maşını qaçırdığı təhlükəli səhnədə özü çəkilib.

Vaxtanqın boyu o qədər kiçik idi ki, Həmidə Ömərova ilə çəkilən bəzi səhnələrdə onun ayağının altına daş qoyurdular. Həmin səhnələrdə Həmidə Ömərovanı gülmək tuturmuş.

Aktyorlar tərəfindən istifadə olunan sözlər günümüzdə də insanların dilindən düşmür. Siyavuş Aslan, Yaşar Nuri, Həmidə Ömərova, Hacı İsmayılov kimi sənətkarların filmdə kifayət qədər əməyi var. Onların improvizasiyaları arasında Siyavuş Aslanın Yaşar Nuriyə qapaz vurması, “Camaat şir-pələng saxlayır” kimi ifadələri, Paşanın tikanların üstünə yıxılması zamanı baş verənləri göstərmək olar. Həmin səhnədə aktyorun şalvarına əvvəlcədən rezin bağlansa da, məftillərdən biri həqiqətən ətinə batıb.

Film dünya filmlərinin yer aldığı nüfuzlu reytinq platformasında (İMDb) 10 üzərindən 8.4-lə qiymətləndirilib.