İngilis parkı (bağı) bir vaxtlar Dağüstü parkın aşağı hissəsində, funikulyorun yerində yerləşib. Bu park sovet dövrünün ilk illərində, Çəmbərəkənd qəbiristanlığının müsəlman hissəsinin yerində 1920-1930-cu illərdə salınmışdır. Bağ bir zamanlar bakılılar arasında məşhur olub.
Parkın belə adlandırılması haqqında bir neçə versiya mövcuddur. Birinci versiyaya görə, bağ “İngilis parkı” üslubunda, yəni təbiətdən seçilməyən sənətin istifadə edilməsi ilə salındığına görə belə ad daşıyırdı. [Английский парк (Баку) — OurBaku]
İkinci versiyaya görə, 1918-ci ildə ingilis qoşunları Bakıya gələndə onların əsgərləri bu bağın yerində olan karvansarada yerləşmişdilər. Bu səbəbdən park salınanda əhali buraya “Anqliyiski sad”, yəni İngilis bağı deyirdi. [Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. Bakı-2004]
Hazırda həmin ərazidə 1918-1919-cu illərdə Bakıda həlak olmuş ingilislərin memorial lövhəsi mövcuddur.
