Bu gecə Bakının Xətai rayonu, NZS qəsəbəsində bir nəfərin ölümü, iki nəfərin isə bıçaqlanması ilə nəticələnən münaqişənin bəzi təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, hadisə 165 saylı orta məktəbin yaxınlığında baş verib.

Öldürülən 18 yaşlı Nemət Həsənov davanın iştirakçısı olmayıb.

Belə ki, NZS qəsəbə sakini 17 yaşlı Fərid Əhmədli ilə həmyaşıdı Orxan Hüseynov arasında qıza görə münaqişə yaranıb. Aralarında dava düşüb, yoldan keçənlər isə onları ayırmağa çalışıblar.

Lakin yeniyetmələr sakitləşməyərək, məsələni həll etmək üçün saat 23:00 radələrində məktəbin yaxınlığında görüşməyə razılaşıblar. Görüş zamanı münaqişə yenidən davaya çevrilib və bu zaman Əhmədli Hüseynovu bıçaqlayıb. Həmin vaxt yaxınlıqda olan Xalid Nəbiyev və Nemət Həsənov Əhmədlinin qarşısını almaq istəsələr də, o, onların mədə və ürək nahiyələrinə bıçaqla xəsarət yetirib.

Nemət Həsənov xəstəxanaya çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.