Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstagram səhifəsində Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun 95 illik yubileyi münasibətilə paylaşım edib. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az məlumat verir.

“Hörmətli Ömər Eldarov!

Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə,

MEHRİBAN”, – paylaşımda deyilir.

Azərbaycanlı heykəltaraş Ömər Həsən oğlu Eldarov 1927-ci il dekabrın 21-də anadan olub.

O, Bakıda bir sıra heykəllərin müəllifidir. Bu əsərlər sırasında Natəvanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəyovun, Səttar Bəhlulzadənin, Vaqif Mustafazadənin, Niyazinin, Süleyman Rəhimovun, Fikrət Əmirovun, Ziya Bünyadovun, Həsən Əliyevin, Müslim Maqomayevin xatirə abidələri, “Elegiya” abidəsi, Zərifə Əliyevanın, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, Lütfi Zadənin, bəstəkar Arif Məlikovun qəbirüstü abidələri vardır.