Bakının Nizami rayonu, Bəkir Çobanzadə küçəsinin Bəhruz Nuriyev küçəsindən Rüstəm Rüstəmov küçəsinə qədər olan hissəsində abadlıq işləri aparılıb. Bu haqda bu gün, 22 dekabr tarixində Nizami Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.
2500 nəfərdən çox sakinin yaşadığı 7 çoxmərtəbəli yaşayış binası və onları əhatə edən küçəboyu ərazidə təmir-abadlıq işləri aparılaraq sakinlərin istifadəsinə verilib. Təmir çərçivəsində yaşayış binalarının fasadları və pilləkən qəfəsləri təmir edilib, giriş qapıları, dam örtükləri yenilənib. Abadlaşdırılan həyətlərdə uşaq meydançaları salınıb, müxtəlif idman qurğuları, 14 söhbətgah və 90 ədəd yeni oturacaq quraşdırılıb, tullantılar üçün qutular qoyulub. Ərazidə ağaclar, kollar əkilib və yaşıllıq zolağı salınıb.
Həmçinin ərazidə təhlükəsizlik kameraları quraşdırılıb, işıqlandırma və elektrik sistemi yenilənib.
Bəkir Çobanzadə küçəsi boyunca yol şəraitinin yaxşılaşdırılması və sakinlərin hərəkət təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi məqsədilə düyməli piyada işıqforu, yol nişanı quraşdırılıb, piyada keçidləri yenilənib.
Nizami rayonunda daha bir ünvanda abadlıq işləri aparılıb



