Bakıda fəaliyyət göstərən bəzi restoran və dönərxanalara qidaya yararsız at və mal əti satan şəxs saxlanılıb. Bu haqda bu gün, 23 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əməliyyat tədbirləri keçirib. Yoxlama zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü at və iribuynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimini həyata keçirib. Daha sonra Z. Rüstəmov həmin əti mal əti adı ilə paytaxtdakı müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satıb.
Saxlanılan şəxsin fermasına baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertizalarla ətin qidaya tam yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.





