Bakıda silsilə mənzil oğurluqları edən Gürcüstan vətəndaşı Paata Grineviçə hökm oxunub. Bu haqda bu gün, 26 dekabr tarixində  Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hökmə əsasən, o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

54 yaşlı Paata Grineviç cari ilin 12 iyun tarixində Bakıya gəlib. Həmin şəxs ifadəsində bir müddət əvvəl yaşadığı ölkədən Bakı şəhərinə məhz oğurluq məqsədilə gəldiyini bildirmişdir.

14 iyun tarixində özü ilə götürdüyü vintaçan və digər alətləri götürüb Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 7/19 ünvanında yerləşən binanın 35 nömrəli blokuna daxil olaraq, yeddinci mərtəbəyə qalxıb. 17 nömrəli mənzildən səs eşidilmədiyini görərək götürdüyü alətlərdən istifadə etməklə həmin mənzilin giriş qapısının kilidini açıb. Grineviç mənzildən 6000 manat məbləğində pulu, 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamışdır.

Daha sonra, 21 iyun tarixində o, analoji üsulla Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 39A ünvanında yerləşən doqquzmərtəbəli binada yerləşən mənzildən zərgərlik əşyaları oğurlamışdır.

Növbəti gün, 22 iyun tarixində Paata Grineviç polis tərəfindən saxlanılmışdır.