Eyni mənzilləri bir neçə şəxsə satan iş adamları Rafiq Nəsirov və Emil Səməndərov həbs olunublar. Bu haqda bu gün, 27 dekabr tarixində Qafqazinfo məlumat verib.
Çoxsaylı vətəndaş narazılığını nəzərə alaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb.
İstintaq zamanı “Hayan E” MTK-nın direktroru Rafiq Nəsirov və “PROGRESS-2016” MTK-nın direktoru Emil Səməndərov tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı satılan mənzillərin yenidən satıldığına dair əsaslı şübhələr müəyyən edilib.
26 dekabr tarixində Rafiq Nəsirov “külli miqdarda dələduzluq”, “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə”, “vəzifə saxtakarlığı”, Emil Səməndərov isə “xüsusilə külli miqdarda dələduzluq”, “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə”, “vəzifə saxtakarlığı” maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edilərək həbs ediliblər.
İstintaq işi davam edir.