Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivində yollar keçilməz olub. Həmçinin ərazidə kanalizasiya xətləri olmadığından çirkab sular evlərin zirzəmilərinə dolur. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Pirşağı qəsəbəsində əsas avtomobil yollarının birində çirkab sulardan və yağıntı sularına görə gölməçələr yaranıb. Piyadalar bir qədər kənardan rahat hərəkət edə bilsələr də, nəqliyyat vasitələri bu yolu keçməkdə çətinlik çəkir. Yolun kənarlarına tökülən məişət tullantıları isə üfunətə səbəbdir.

Sakinlər deyirlər ki, yolların bir hissəsi uzun müddət əvvəl asfaltlanıb. Daha sonra yeni inşa edilən evlərə yük daşıyan iritonnajlı nəqliyyat vasitələri qalan asfaltı da dağıdaraq yolu təmamilə bərbad vəziyyətə salıb. Sakinlər çirkab suların evlərin zirzəmilərinə dolmasından da təngə gəliblər.

Sabunçu RİH-nin başçısının Pirşağı qəsəbə üzrə nümayəndəliyinin rəhbəri vəd verdi ki, problem qısa zamanda aradan qaldırılacaq. O bildirib ki, problemin əsas səbəbi qrunt sularının çıxmasıdır. Yaxın zamanda yığılmış sular borularla kollektora, oradan isə dənizə axıdılacaq.

Həmçinin o qeyd etdi ki, Bağlar Massivində kanalizasiya problemi həllini tapdıqdan sonra qısa müddətdə ərazidəki bütün yollar asfaltlanacaq.

Pirşağıda keçilməz yollar: qəsəbəni çirkab və yağıntı suları basıb
Foto ATV-nin rəsmi Youtube kanalı