Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında yeni infrastrukturun inşası tamamlanıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Layihə çərçivəsində Babək prospekti boyunca magistral su xətti, yüksək və orta təzyiqli qaz xətləri, elektrik magistral xətləri yenilənib, videomüşahidə kameraları quraşdırılıb, yeraltı kommunikasiyalar bərpa olunub, İT kanal sistemləri çəkilib.

Qarabağ Atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ Atları Meydanı yerləşir. Burada inşa ediləcək Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltaraş Robert Sammers cəlb olunub.

Qarabağ atları küçəsində piyadalar üçün panduslar və yerüstü keçidlər, yaşıllıq zolaqları salınıb, avtomobil və velosiped dayanacaqları yaradılıb, yol göstəriciləri və xəritələr quraşdırılıb.

Həmçinin burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində isə çoxfunksiyalı binanın və yaşıllaşdırılmış avtodayanacağın inşası başa çatıb. Bu kommersiya binaları Babək prospekti boyunca yerləşən satış və ticarət məkanlarının davamı olacaq.

Bundan əlavə, Bakı Ağ Şəhərin “landmark”-ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binasında yeraltı və yerüstü avtodayanacaqların və sürətli liftlərin olacağı nəzərdə tutulub. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi Park layihələndirilib. Burada incəsənət nümunələri yer alacaq.

Bu park piyadalar üçün Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı üzərində yerləşəcək.

Bakı Ağ Şəhər ekoloji şəhərsalma layihəsi kimi Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi” nominasiyasında, Dubayda “Cityscape Global” və bir sıra digər sərgilərdə “Ən yaxşı şəhərsalma layihəsi” kimi müxtəlif mükafatlara layiq görülüb.