Bakının müxtəlif rayonlarında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən yoxlamalar başlayıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az məlumat verir.

Çoxmərtəbəli binalarda yaşayan sakinlərin sözlərinə görə, rayon polis əməkdaşları hər bir mənzildə yaşayan sakinlər barədə məlumat toplayırlar.

Vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamadığı halda bunun səbəbi müəyyənləşdirilir. Kirayəçi kimi yaşayan və ya yaşayış yerini dəyişmiş şəxslər 7 gün ərzində qeydiyyatlarını dəyişməyi öhdələrinə götürürlər.

Mənzilin kirayəhaqqı müqavilə bağlanmadan ödənildikdə, o zaman mənzilin sahibi vergiləri ödəmədiyinə görə cərimə oluna bilər. Həmçinin gələcək müqavilənin bağlanması nəzərətə götürülür. Sakinlərin sözlərinə görə, respublikanın digər bölgələrində qeydiyyatda olan vətəndaşlara xüsusi diqqət yetirilir.

İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə görə, vətəndaşa yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alınma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

Yaşayış yerini dəyişmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə müraciət edərək Nazirlər Kabineti tərəfindən təsdiq edilən yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə

şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, qanunvericilikdə göstərilən digər sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim edərək yeni yaşayış yerində qeydiyyata alınır.

Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.