Bakının Nərimanov rayonunda mənzildə dəm qazından boğulanlardan üçünün şəxsiyyəti müəyyən edilib. Bu haqda bu gün, 6 yanvar tarixində APA məlumat verib.
İcarəyə götürdükləri mənzildə dəm qazından boğularaq ölənlər Sumqayıt şəhər sakini, 19 yaşlı Kamran Allahverdiyev, onun dostu Kənan Nəzərov və Pərvin Səfərlidir.
Bildirilir ki, Pərvin Səfərli sözügedən mənzildə bir müddət kirayəçi kimi yaşayıb.
Bundan əvvəl məlum olub ki, Kamran Allahverdiyev və dostu Kənan Nəzərov 5 gün əvvəl itkin düşüblər.
Kamran Allahverdiyev orta məktəb şagirdi olub. O, paytaxt şadlıq evlərinin birində ofisiant işləyirmiş. Yaxınlarının dediyinə görə, oğlanın atası Rusiyada işləyir. Ailə əvvəllər Bakıda yaşayıb, sonra Ukraynaya köçüb, Kamran Allahverdiyev orada iki il məktəbə getməyib. Azərbaycana qayıdaraq 7-ci sinifdən təhsilini Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə davam etdirib.