Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 5 iyun 1908-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

Mikayıl ibtidai təhsilini rus-tatar məktəbində alıb, 1927-1928-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsinə daxil olub. 1931-ci ildə o, indiki Bakı Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Mikayıl yeddi il Bakının 18 saylı orta məktəbində müəllimlik edib.

Müşfiqin yazdığı ilk “Ölkəm” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetinin 9 may tarixli nömrəsində dərc olunmuşdur. Şairin 1930-cu illərdə “Küləklər”, “Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında” kitabları nəşr edilmişdir. 1934-cü ildə o, yeni yaradılmış Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir. 1936-cı ildə Müşfiqin “Səhər” poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görülmüşdür.

1937-ci ildə şair “xalq düşməni” damğası ilə həbs edilir. 5 yanvar 1938-ci ildə qısa çəkən məhkəmə iclasında onun güllələnməsi haqqında hökm çıxarılır. Bu hökm yanvarın 6-da icra olunur. Müşfiqin cəsədinin harada olduğu hələ də məlum deyil.

Adının əbədiləşdirilməsi məqsədilə 1968-ci ildə heykəltaraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva tərəfindən Müşfiqin abidəsi hazırlanmış, 1970-ci ildə isə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən “Mikayıl Müşfiq” quru yük gəmisi suya buraxılmışdır. Hazırda şairin müəllimlik etdiyi 18 saylı orta məktəb onun adını daşıyır.