“ASAN xidmət” Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlar üçün də xidmət göstərəcək. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az quruma istinadən xəbər verir.

Belə ki, yaşayış yeri Naxçıvan Muxtar Respublikası olan vətəndaşlar “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrini ala və ya dəyişdirə biləcəklər.

Qurum vətəndaşlara xidmətlərdən yararlanmaları məqsədilə “ASAN növbə” mobil tətbiqindən istifadə etmələri, eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə üstünlük vermələri tövsiyə edir.

Xidmətlərin tam siyahısı aşağıdakı kimidir:

  • Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;
  • Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;
  • Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.