XIX əsrdə inşa edilmiş Tağıyevin teatrı Bakının ilk teatr binası hesab edilir. Bu bina Zərifə Əliyeva prospekti, 8-də yerləşirdi.

XIX əsrin sonlarında teatr tamaşaları yerli əhali arasında məşhurluq qazananda şəhərdə teatr binası yox idi. Bu şəraitdə milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda bina inşa etdirməyə qərar verir. Birinci layihənin memarı Xrisanf Vasilyev idi. Binanın inşasına mühəndis Ferdinand Lemkul nəzarət edirdi. 1883-cü ilin sonlarında teatrın inşası tamamlandı. O zamanlar binanın tutumu 578 nəfər təşkil edirdi. [Fətullayev Şamil. XIX əsr – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Bakı-2013]

Bina çoxsaylı təmir və yenidənqurma işlərinə məruz qalmışdır. 1891-ci ildə burada elektrik işıqlandırma quraşdırılmış, lakin teatr daim istifadə olunduğundan qısa zamanda yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən Tağıyev teatr binasını dağıtmaq qərarına gəldi. Bundan xəbər tutan Bakının işgüzar adamları yeni teatr binası inşa etmək üçün səhmdar cəmiyyəti yaratdılar. Yeni teatrın tikintisi haqqında gedən söhbətlər Tağıyevi öz teatrı ilə məşğul olmağa vadar etdi.

Teatrın yenidənqurma işləri 1898-ci ildə mülki mühəndis Koqnovitskiyə tapşırılıb. Lakin layihə uğursuz olub. Sonra milyonçu memar Qoslavskini dəvət edib. Onun rəhbərliyi ilə teatr əsaslı təmir olunub, tamaşaçı zalında yerlərin sayı 1200-ə çatdırılıb. Sonrakı illərdə də təmir işləri keçirilib. Hətta 1906-cı ildə müsəlmanlar üçün iki böyük pərdələnmiş loja inşa olunub. [https://azerhistory.com/?p=16686]

1908-ci ildə məhz bu binada Azərbaycanın ilk operası – Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsəri tamaşaya qoyulmuşdu. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

1909-cu ildə teatrda yanğın baş vermişdi. Yanğından sonra Tağıyev əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli, daha tutumlu bina inşa etməyə qərar verib. İkinci mərtəbədə çay bufeti, ümumi bufet üçün tikili və xüsusi geniş zal-foye əlavə edilib. Tikinti işləri 1910-cu ildə başa çatıb. 1912-ci ildə Tağıyev teatrında sinematoqraf açılıb.

1918-ci ildə Tağıyev teatrı yenidən yanır, binanın yalnız beton karkası qalır. Teatr sovet dövründə, 1921-1922-ci illərdə bərpa olunur. Binanın layihəsi Bakının baş memarı Zivər bəy Əhmədbəyov tərəfindən hazırlanır. 1960-cı illərə qədər burada indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yerləşirdi. Sonralar binada Musiqili Komediya Teatrı fəaliyyət göstərirdi.

1980-cı illərdə tikili yararsız vəziyyətə düşür və 1988-ci ildə dağıdılır. 1996-1998-ci illərdə bina yenidən inşa edilir. O vaxtdan bu günə kimi burada Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fəaliyyət göstərir. [Театр Г.З.А. Тагиева в Баку — OurBaku]

Bakının ilk teatr binası: Tağıyev teatrı

Musiqili Komediya Teatrı
Musiqili Komediya Teatrı
Musiqili Komediya Teatrı
Musiqili Komediya Teatrı
Musiqili Komediya Teatrı Musiqili Komediya Teatrı Musiqili Komediya Teatrı Musiqili Komediya Teatrı