1853-cü ildə “Qafqaz” qəzetində “Bakıda həyat” adlı bir məqalə çap olunur. Məqalədə bu sözlər qeyd olunurdu:
“Oxucu deyəcək ki, Bakıda nə həyat var?… Doğrudan da, fırtınalar arasında, çılpaq torpaqda, səhra dənizinin sahilində həyat necə ola bilər. Əvvəl mən də xoşagəlməz hisslər yaşayırdım və Bakını qəmli sürgün səhrası adlandırırdım. Ətrafda çılpaq qayalar və tarlalar var, yaz mövsümündən başqa,heç vaxt ot, kol görməyəcəksiniz. Küləklər əsir, qalın toz buludlarını qaldırır…Lakin indi başqa zamanədir: biz bağlar salırıq və inşa ilə məşğul oluruq. Keçən yayın sonunda bizə yeni komendant Hoven təyin olundu. O, təbiətimizlə açıq mübarizəyə girməyə qərar verdi.” [Газета “Кавказ” №37 за 20.05.1853г.]
Roman (Reynxold) fon der Hoven 1852-ci ildə Bakı qalasının yeni hərbi komendantı təyin olundu. Bakının yeni komendantı arzu edirdi ki, şəhər “öz çılpaqlığını yaşıllıqla örtsün”. Onun təşəbbüsü ilə şəhərin abadlaşdırılması işlərinə başlanıldı. Torpaqların yaxşılaşdırılması məqsədilə komendant İrandan dəniz yolu ilə gələn tacirləri xüsusi vergi kimi bir neçə kubmetr münbit torpaq gətirməyə məcbur etdi.
Hoven təkcə yerli ağaclardan olan tut, zeytun, üzümü deyil, xaricdən gətirilən ağacları, o cümlədən qovaq, əncir ağacı, akasiya, söyüd, gənəgərçək, küncüt, həmçinin tərəvəz və çiçəklər də əkdirirdi. Qafqazın canişini knyaz Vorontsov onun təşəbbüsünü dəstəkləyərək “şəhərin abadlaşdırılması üçün toxum və gənc ağacların verilməsini” əmr etdi.
Bir neçə aydan sonra artıq Bakı qalasının şimal-şərqində bağlar salındı. Qalanın ətrafı və burada mövcud olmuş tikililər yaşıllıqlara büründü. [Тамара Гумбатова. Баку и немцы. Баку-2008]
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində şəhərin mərkəzi rayonlarında yaşıl zonalar – Mixaylov bağı, Marinski, Sisianov meydanları yaranır. Sonralar bağların sayı artırılır, həmçinin şəhərin ətrafındakı qəsəbələr abadlaşdırılır. 1880-ci ildə şəhərdə yaşıllıqların sahəsi cəmi 3 hektar təşkil etsə də, 1980-ci ildə bu rəqəm 9520 hektara çatdırılır. [Гасанова А. А. Сады и парки Азербайджана. Баку-1996]