Məşədixanım Sədulla qızı Nemətova 5 yanvar 1924-cü ildə Bakının II Zabrat kəndində anadan olub.

O, 1941-ci ildə orta məktəbi, 1948-ci ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Nemətova 1954-cü ildə Azərbaycan EA-nın Tarix İnstitutunda aspiranturanı bitirib.

Elmi fəaliyyətinə 1953-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda başlayan Nemətova 1971-ci ildən epiqrafika qrupunun rəhbəri olub. O, Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edib, 2500-dən artıq epiqrafik abidəni toplayıb, oxuyub, onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. Elmi fəaliyyəti nəticəsində Məşədixanım 12-dən artıq monoqrafiyanın, 200-dən çox elmi məqalənin, o cümlədən 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nun müəllifi olmuşdur.

Nemətova Zəngəzurun Urud abidələrini tədqiq edərək azər­baycanlıların Cənubi Qafqa­zın aborigen xal­qlarından biri və alban mədəni irsinin varisi ol­duğunu sübut etmişdir. [https://science.gov.az/az/forms/skanchavshiesya-chlenyikorrespondentyi/2892]

1976-cı ildə Moskvada çap olunmuş “İstoriçeskaya ensiklopediya” kitabında professor V.A.Kraçkovskayanın məqaləsində X.D.Fren, N.M.Xanıkov (Rusiya), M.Amari (İtaliya), O.Tixsen (Prussiya), F.Kaderov (İspaniya), A.Şevçenko, Ş.Bosselar, R.Vasse (Fransa) və başqa alimlərin sırasında Məşədixanım Nemətovanın da adı qeyd olunmuşdur. [https://news.milli.az/culture/234154.html]

Məşədixanım Nemətova 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2011-ci ildə Türkiyədə, Qarsda keçirilmiş “Qazı Kars şehrengizi” simpoziumunda Məşədixanım Nemətova türk-islam mədəniyyətinə xidmətə görə mükafatlandırılmışdır. [Lalə Azəri. Əsrin daş yaddaşında mənim də sözüm qaldı. Mədəniyyət.- 2014.- 19 fevral.- S. 10. ]

Məşədixanım Nemətova 26 dekabr 2016-cı ildə Bakıda vəfat edib və Zabrat qəbiristanlığında dəfn olunub.