Azərbaycan Milli Xalça Muzeyi Bakıda, Mikayıl Useynov prospekti, 28-də, Dənizkənarı Parkda yerləşir. Muzey 1967-ci ildə yaradılmışdır. Muzeyin yaranma məqsədi Azərbaycan xalçasını milli bədii irs kimi qoruyub saxlamaq, əsaslı və hərtərəfli öyrənərək ictimaiyyətə təqdim etməkdir.
Azərbaycan Milli Xalça Muzeyi dünyanın ilk ixtisaslaşdırılmış xalça muzeyi hesab edilir. Muzeyin yaranmasının təşəbbüskarı alim, xalça haqqında elmin banisi Lətif Kərimovdur.
Azərbaycanın müxtəlif regionlarından olan xalça və tətbiqi sənət nümunələrini sərgiləyən muzeyin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən Cümə məscidinin binasında açılmışdır. O zamanlar muzeyin eksponatları məscidin 4 zalında nümayiş etdirilirdi. 1992-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Neftçilər prospektində yerləşən Muzey Mərkəzinə (keçmiş Lenin Muzeyi) köçürülmüşdü. Həmin illərdə muzeyin ekspozisiyası binanın ikinci mərtəbəsində, 13 zalda yerləşirdi.
2007-ci ildə Bulvarda Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barədə Sərəncam imzalandı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzeyin yeni binası inşa edildi. [Azərbaycan Xalça Muzeyi. Bakı-2017]
Bu gün muzey fondunda 10 mindən çox eksponat saxlanılır. Ekspozisiya “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdirir. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. Kolleksiyalarının böyük hissəsi XVII-XX əsrlərə aiddir.
50 ildən artıq fəaliyyəti ərzində muzeyin kolleksiyası bir çox ölkələrdə nümayiş etdirilmişdir: “Əvəzolunmaz dəyərlər” (Belqrad, 2017), “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları” (Tbilisi, 2017), “Naxışların gözəlliyi: Azərbaycan xalq sənəti” (Sofiya, 2018), “Yeddi gözəl” (Moskva, 2018), “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” (İstanbul, 2020-2021) və s.
1967-1993-cü illərdə muzey Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi adlanırdı. 2019-cu ildə Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilmişdir. [https://azcarpetmuseum.az/az]















