Hacımurad Şirəli oğlu Pənahov 1911-ci ildə Bakı şəhərinin Şağan kəndində anadan olub.
O, 1936-cı ildə Bakı Dənizçilik Texnikumunu bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin Nəqliyyat donanmasında işləyib, qısa müddətdə kapitanın üçüncü köməkçisindən kapitan vəzifəsinədək yüksəlib.
Böyük Vətən müharibəsi illərində Pənahov “Sentrosoyuz” gəmisinin kapitanı olub. Hərbi komandanlığın göstərişi ilə ekipaj müxtəlif yüklər daşıyıb, yaralıları Bakıya çatdırıb. [https://www.seanews.az/az/pages/37/news/8040]
1947-ci ilin fevralında kapitan Pənahov ilk dəfə ölkənin dəniz sərhədini keçib İrana vacib reyslər həyata keçirirdi. İranın Növşəhr limanından qayıdarkən gəmi şiddətli tufana düşür. Tufanlı havada gəmini Bakıya çatdıran gənc kapitana bu hadisədən sonra “Azərbaycan”, “Türkmənistan” kimi iri gəmiləri etibar etməkdən çəkinmirlər. Tezliklə Pənahov donanmada ən yaxşı kapitanlardan biri kimi tanınır. O, bir neçə il Xəzər Dəniz Gəmiçiliyinin yük gəmilərinə, sonra “Özbəkistan”, “Dağıstan” kimi sərnişin gəmilərinə rəhbərlik edib. [Амирова Ч. Моряками рождаются. ВЫШКА № 26 от 6 июля 2001 года]
Hacımurad Pənahov 1954-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Akademiyasını bitirib və Xəzər Dəniz Gəmiçiliyinin Dəniz üzgüçülüyü xidmətində məsləhətçi kapitan vəzifəsinə irəli çəkilib. O, onlarla gənc kapitan yetişdirib.
1961-ci ildə Bakı – Krasnovodsk (Türkmənbaşı) limanları arasında Avropada ən böyük gəmi-bərə keçidi açılarkən məhz Pənahov “Sovet Azərbaycanı” dizel-elektroxoduna rəhbərlik edib. [http://www.islamazeri.com/kimkimdir/hacimurad-penahov-kimdir–36683.html]
Hacımurad Pənahov uzaq səfərlərə çıxan ilk kapitanlardan olub, uzun müddət Qara dəniz və Aralıq dənizində üzən gəmilərimizin heyətlərinə başçılıq edib. Pənahovun komandanlığı ilə Xəzər gəmiləri ilk dəfə losmanların (dəniz bələdçisi) xidmətindən istifadə etmədən Bosfor və Dardanel boğazlarından keçməyə başlayıb. Bu, gəmiçilik şirkətinə vəsait qənaət etməyə imkan verirdi. [Амирова Ч. Моряками рождаются. ВЫШКА № 26 от 6 июля 2001 года]
Pənahov VII çağırış SSRİ Ali Sovetinin deputatı olub. O, Dəniz Donanmasının fəxri işçisi adına, “Lenin”, “Oktyabr inqilabı” ordenlərinə, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.
Hacımurad Pənahov 1974-cü ilin oktyabrında 63 yaşında vəfat edib. [https://www.seanews.az/az/pages/37/news/8040]