Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsində yerləşən park baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, “Pionerlər parkı” adlanan ərazi illərdir hasarlanıb və heç kim buraya nəzarət etmir. Parkda ağaclar quruyur və məhv olmaq üzrədir.
Sakinlərin sözlərinə görə, əvvəllər burada əyləncə məkanları olub, məktəblilər konsertlər keçiriblər, indi isə qurğular paslanıb, oturacaqlar qırılıb. Ərazi küçə itlərinin məskəninə çevrilib.
“Səliqəyə salsalar, ailəmlə də gələrəm, özüm tək də gələrəm, təmiz hava alaram”, – deyə sakinlərdən biri qeyd edib.
Parkın hansı quruma aid olduğu bilinmədi. Belə ki, hər biri parkın onların balansında olmadığını vurğulayıb.