Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi, 25A ünvanında yollar bərbad vəziyyətdədir. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.

Sakinlərin sözlərinə görə, yolların bu vəziyyətdə olmasının əsas səbəbi dövlət qurumları tərəfindən ərazidə qazıntı işlərinin aparılmasıdır.

“Su çəkmək üçün qazdılar, işıq çəkmək üçün qazdılar, kabel çəkmək üçün bir daha qazdılar. Ən sonda yolları betonladılar, amma asfalt vurmadılar. İndi də yağış yağan kimi hər yer gölməçə olur”, – deyə onlar bildirirlər.

Sakinlər şəxsi hesablarına yolları düzəltməyə çalışsalar da, bir neçə ay keçən kimi vəziyyət əvvəlki kimi olur. Təcili Tibbi Yardım belə buraya gəlməkdə çətinlik çəkir.

Rəsmi qurumlar məsələ ilə bağlı bildiriblər ki, sözügedən ərazidə təmir işləri nəzərdə tutulub və proqrama uyğun olaraq icra ediləcək.