Sosial şəbəkələrdə Bakıda 94 saylı orta məktəbin şagirdinin intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb. Bu haqda bu gün, 18 yanvar tarixində 1News məlumat verib.
Təqdim olunan məlumatda bildirilib ki, məktəb rəhbərliyi damarlarını doğramaq istəyən şagird üçün təcili yardım çağırmaq əvəzinə onu məktəbdən qovub.
94 saylı tam orta məktəbdən verilən məlumatda qeyd olunur ki, 17 yanvar tarixində 11a sinif şagirdi təsadüfən dəhlizdə pəncərəyə toxunub. Nəticədə şüşə sınıb və məktəblinin sağ əlinin orta barmağında yüngül kəsik yaranıb. Ona ilkin tibbi yardım göstərilib.
“Bu məsələ ilə bağlı valideynlə müvafiq söhbət aparılıb. Valideyn oğlunun hərəkətinə görə üzr istəyib. Hazırda bu şagird tədris prosesində iştirak edir”, – deyə məktəbin cavabında qeyd olunub.