Nizaməddin məscidi Bakının Əmircan qəsəbəsinin Əmir Nizaməddin küçəsində yerləşir. İbadət evi XIV əsrdə Şirvanşahlar dövründə Abşeronun bir hissəsini idarə edən Əmir Nizaməddin Kəsrani tərəfindən inşa edilib. İbadətgah kəndin ən qədim tarixi abidələrindən hesab edilir.

Məsciddəki ərəb dilində yazılmış kitabələrdən birinin ikinci sətrində belə yazılıb: “Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi – hicri-qəməri 730-cu il (1330)”. [Sara Aşurbəyli. Bakı şəhərinin tarixi. Bakı-2009]

Məscid qaya üzərində tikilib. İbadətgahın altında, qayanın işərisində zirzəmi yerləşir. Ehtimal edilir ki, bu zirzəmi XIX əsrin əvvəllərinə qədər olan müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə edilib. Lakin sonradan bu zirzəmi sərdabə kimi xidmət edib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olub. [Рзаев Н. Нейматова M. Мечеть Низамеддина// Искусство Азербайджана V. Баку-1956]

Məscid yonulmuş əhəng daşından inşa edilib. Məscidin dörd giriş qapısından üçünün üstündə daş kitabələr var. İbadət evinin mehrabının üstündə, bir neçə yerdə ərəbcə “Allah” adı yazılıb. Məscidin bir böyük və bir kiçik günbəzi mövcuddur. [Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001]

Məscidin divarlarında mövcud olan kitabələrə əsasən, ibadətgah bir neçə dəfə təmir olunub. Kitabələrdən biri məscidin 1831-ci ildə Suleyman adlı şəxs tərəfindən təmir edilməsini və burada əlavə kiçik binanın tikilməsini göstərir. Başqa kitabəyə əsasən, 1876-cı ildə ibadət evi Hacı Rəsul qızı Fatma xanım tərəfindən cənub tərəfə genişləndirilib. XX əsrin əvvəllərində isə ibadətgahın qərb tərəfindəki qapının qarşısında Rizvan oğlu Hacı Xələf tərəfindən dörd daş sütundan ibarət giriş yeri düzəldilib. Məscid 2021-ci ildə də təmir olunub. [Cəbiyeva T. XIV əsrin yadigarı Əmirhac türbəsi dağılmaq üzrədir. Azərbaycan.- 2009.- 22 noyabr.- S. 7.]

Nizaməddin məscidi ölkə əhəmiyyətli abidə kimi qorunur.

Əmircan qəsəbəsinin ən qədim tarixi abidələrindən olan Nizaməddin məscidi

Nizaməddin məscidi
Nizaməddin məscidi
Nizaməddin məscidi
Nizaməddin məscidi Nizaməddin məscidi Nizaməddin məscidi