“Uber” taksi sürücüsü olan yaşlı kişinin sərnişini olan qıza nalayiq təkliflər etməsi xəbəri yayılıb. Bu məlumat cəmiyyətdə birmənalı qarşılamayıb. Bəzi istifadəçilər qızı kişi ilə çox nəzakətli davrandığına görə qınayıblar. Onların fikrincə, belə təkliflərə onun özü səbəb olub. Bu haqda bu gün, 18 yanvar tarixində Oxu.az məlumat verib.

Həmin xanım onu qınayanlara cavab verib: “Siz mənim yerimdə olsaydınız, nə edərdiniz? O maşında tək idim və axşam vaxtı maşında qapılar kilidli idi. Mən onunla aqressiv danışsaydım, maşını başqa yerə sürüb başıma oyun açardı.

Nə qədər düşüncəsiz, zəif insanlarsınız ki, buna nə ad qoyursunuz?! Rəvac verən insan heç vaxt videoçəkiliş edib ictimailəşdirməz.

Bir-birimizə düşmən olmayaq. Unutmayın ki, bu hadisə bütün insanların, hətta sizin xanımlarınızın da başına gələ bilər”.

Hadisə ilə bağlı taksi şirkəti xəbərdar olduğunu bildirib: “Müştəri ilə bu barədə danışıqlar aparılıb. Sürücünün bu cür hərəkəti qəbuledilməzdir və bu barədə lazım olan tədbirlər görülüb”.