Suraxanı rayonunda yerləşən köhnə tikilidə narkotik istifadəçiləri məskən salıblar. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.
Bu hal Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində müşahidə edilir. 280 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən binaya baxış keçirilən zaman çox sayda şprislər aşkar edilib.
Bu bina vaxtilə nasosxana kimi fəaliyyət göstərib və daha sonra fəaliyyəti dayandırılıb. “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal İdarəsindən bildirildi ki, fəaliyyəti dayandırılan nasosxananın qapıları bir müddət əvvəl oğurlanıb. Qapılar yenidən bərpa olunsa da, fakt yenidən təkrarlanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Bundan əlavə, binanın “Azərsu” ASC-nin balansından çıxarılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət edilib. Qurum problemlə bağlı artıq məlumatlandırılıb. Ərazi polis tərəfindən nəzarət altına alınacaq.