1990-cı ildə İlham Allahverdiyevin 28 yaşı var idi. Evlilik yaşına çatmasına baxmayaraq, ailə həyatı qurmağa tələsməyən İlhama anası, bacıları müxtəlif qızlardan soraq verir, fikrini öyrənməyə çalışırdılar. Məhəllədə yaşayan xeyli qızın İlhamdan xoşu gəlirmiş, lakin İlham heç birinə könül vermək istəmirmiş. Nəhayət, günlərin birində İlham adları çəkilən qızlardan birini seçir. Bu qız 10 il bacısı Gülbənizlə eyni sinifdə oxuyan 19 yaşlı Fərizə olur. Martın 19-da onların nişanı, iyunun 30-da isə toyları olur.

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. Qanlı yanvar gecəsi Xl Qızıl Ordunın tankları maşınları əzib, insanlara güllə atıb irəliləməyə başlayır. İlhamgil yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində tanklarla qarşılaşırlar. İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısına çıxır. Onlar İlhamı da güllələyirlər. Onu Respublika Klinik Xəstəxanasına aparırlar. Əməliyyat vaxtı işıqlar sönür. Həkimlər qəzet yandırıb əməliyyat aparsalar da, İlhamı xilas etmək mümkün olmur.

İlham Allahverdiyev əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn olunur. Lakin sonradan onun cənazəsi Şəhidlər xiyabanına aparılır.

İlhamın vurulduğunu ilk hiss edən Fərizə isə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, lakin yaxınları qarşısını alıblar. Deyilənlərə görə, nə yemək yeyib, nə də su içib. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Lakin üç gün sonra 6 ayın gəlini olan 19 yaşlı Fərizə gecə hər kəsin yuxuya getməsini gözləyir və bir qab sirkəni içərək həyatına son qoyur.

Fərizə ölümündən əvvəl kiçik məktub yazır: “Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…”. Fərizə dəfn olunanda bətnində 2 aylıq körpəsi vardı.

Mənbələr:

  1. http://femida.az/az/news/30678/%C4%B0lham-v%C9%99-F%C9%99riz%C9%99nin-g%C3%BCn%C3%BC…
  2. https://report.az/daxili-siyaset/i-lham-ve-ferize-20-yanvarin-ebedi-yasayacaq-sevgi-dastani/