Paytaxtın Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində azyaşlılara zorakılıq edildiyi iddia olunur. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Foto APA-ya istinadən xəbər verir.
Sözügedən uşaq evində yaşayan Mirəli Quliyev bildirir ki, rəhbərlik azyaşlılara qarşı təzyiq göstərir, onlara zor tətbiq edir. Bununla bağlı videogörüntüləri o, öz sosial şəbəkəsində paylaşıb. Həmçinin M.Quliyev videonu paylaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını da iddia edir.
“Birdən müəllim mənə dedi: “Çıx otaqdan, səni çağıran var”. Çıxanda gördüm ki, polisdir. Məndən videonu niyə paylaşdığımı soruşdu. Mən cavab verdim ki, məcbur olub yaymışam. O da başladı məni döyməyə, əlimi və barmağımı qırdı. Daha sonra məni hədələdi ki, nəsə eləsən, sənin başını qırxacam”.
Mirəli Quliyevin anası Ərkinaz Quliyeva da oğlunun iddialarına qoşulur. O, 2 övladını sözügedən uşaq evinə verib və hər ikisinin psixoloji və fiziki zorakılığa məruz qaldığını vurğulayır.
“Mən işləyirəm deyə, övladlarımın avara qalmaması üçün uşaq evinə vermişəm. Onlara isə orada təzyiq göstərirlər. Bu videodan sonra isə uşaq evinin direktoru oğlumu və məni təhqir edib, hədələyib. Bununla bağlı səsyazma da var”, – deyə Ə.Quliyeva əlavə edib.
Uşaq Evinin direktoru Sevda Hacıyeva məsələ ilə bağlı qeyd edib ki, bütün iddialar yalandır, video və səsyazma qoşmadır:
“Ana ilə balanın videosunu yayıb üstündə də yazıb ki, uşaq evində zorakılıq olub. Daha sonra ananın oğula atdığı səsyazmanı paylaşıb ki, direktor məni hədələyir”.
Direktor iddia edir ki, Mirəli Quliyev artıq 18 yaşındadır və uşaq evində hamıdan böyükdür: “O, uşaqları vurur, mən də ona görə polisə müraciət etdim ki, azyaşlılara xəsarət yetirməyindən qorxuram. Mən həbsə düşmək istəmirəm.
O, mənim acığıma eləyir hamısını. Məndən ev istəyir. Onun ailəsi Zəngilandan məcbur köçkünlərdir buna görə də onlara artıq ev verilib və başqa ev düşmür, ancaq oğlan məni eşitmək istəmir”.
Polisin uşağı döyməsinə gəldikdə isə DİN-dən açıqlama verilib ki, Mirəli Quliyev qardaşı ilə dalaşanda xəsarət alıb. Hazırda faktla bağlı araşdırmalar davam edir.