Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Döngə 2 küçəsində yollar asfaltsızdır. Qış aylarında isə küçə tamamilə keçilməz olur. Bu haqda bu gün, 21 yanvar tarixində Bizim.Media məlumat verir.

Həmin küçədə 314 saylı məktəb yerləşir, şəhid ailəsi də yaşayır. Sakinlər dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, bu günə kimi yol acınacaqlı vəziyyətdə qalır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qurumun o əraziyə xidmət etmədiyini bildirib.

Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov isə bildirib ki, bu il ərzində küçə təmir olunacaq. “Cənab prezident Binəqədi rayonuna bununla bağlı vəsait də ayırıb. Sadəcə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Quba yolunu bitirəndən sonra burada işlər başlayacaq. Bu maşınlar Binəqədi rayonuna daxil olanda hamı görəcək”, – deyə Cabbarov bildirib.