Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd” maddəsi ilə ittiham olunan Abbas Mirzəyevin cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 23 yanvar tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə aparılır.
Hadisə günü qayınatası Vaqif Seyidovun evinə gələn Abbas Mirzəyev həyat yoldaşı Nigar Mirzəyevaya və qayınatası Vaqif Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirib.
Verilən məlumata görə, Nigar 14 yaşında ailə qurub, 16 yaşında isə ana olub. Endokrinoloji xəstəliklərdən əziyyət çəkən anası bu xəstəlikdən dünyasını dəyişəcəyini düşünərək qızının qardaşı oğlu ilə evlənməsinə razı olub. Nigarın 32 yaşı olanda isə həyat yoldaşı onu qətlə yetirməyə cəhd edib.
Abbas Mirzəyev ifadəsində həyat yoldaşının başqası ilə münasibətdə olduğunu bildirib. O, uşağının atasının başqası olduğunu da açıqlayıb. Abbas təkidlə həyat yoldaşının xəyanəti ilə üzləşdiyini bildirib.
Məhkəmə prosesi fevralın 3-də davam edəcək.