Kövkəb Kamil qızı Səfərəliyeva 3 yanvar 1907-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın ilk qadın pianoçu-pedaqoqu kimi tanınıb.

1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o, fortepiano sinfində musiqi dərsləri alırdı. 1916-cı ildə Səfərəliyeva təhsilini Musiqi Texnikumunda davam etdirir.

1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir. Musiqi Texnikumundan sonra Səfərəliyeva Dövlət Konservatoriyasının fortepiano şöbəsinə daxil olur və gənc olmasına baxmayaraq, Konservatoriyada ilk pedaqoji fəaliyyətinə başlayır. Məhz burada Üzeyir bəy Hacıbəyovla Kövkəb xanımın tanışlığı və birgə fəaliyyətləri başlayır. [Тарлан Сеидов. Видные деятели фортепианной культуры Азербайджана. Баку-1988]

Kövkəb Səfərəliyeva 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səfərəliyeva 1937-1952-ci illərdə Konservatoriyanın nəzdində yaradılmış orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına məktəb) direktoru olmuşdur. O, 1952-ci ildə Konservatoriyanın professoru, 1952-1958-ci illərdə fortepiano kafedrasının müdiri olub. [Qadınlar Azərbaycanın musiqi həyatında. Bakı-2004]

Musiqi təhsilinin inkişafında böyük rolu olan Kövkəb Səfərəliyeva bir sıra elmi-metodik dərsliklərin, fortepiano üçün külliyyatın tərtibçisi, musiqi haqqında məqalələrin müəllifidir. O, “Azərbaycan SSR xalq artisti”, “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adlarına və “Şərəf nişanı” ordeninə layiq görülüb.

Kövkəb Səfərəliyeva SSRİ Ali Sovetinin 3-cü çağırışına deputat seçilib. [Azərbaycan Sovet Ensiklopediyası – VIII Cild. Bakı-1984]

Kövkəb Səfərəliyeva 27 iyun 1985-ci ildə Bakıda vəfat edib.

Bakı şəhərində 16 nömrəli Uşaq Musiqi Məktəbi Kövkəb Səfərəliyevanın adını daşıyır və şəhərdə Kövkəb Səfərəliyeva adına küçə var.