Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operası yanvarın 28-də səhnəyə qoyulacaq. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az məlumat verir.
Tamaşanı dünyanın ən məşhur dirijorlarından biri Korneliya fon Kerssenbrok idarə edəcək. Operanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Aleksander Dümanın “Kameliyalı qadın” əsərinin motivləri əsasında Cüzeppe Verdinin “Traviata” operası yolunu azmış gənc qadın Violetta və ona aşiq olan Alfredonun eşq uğrunda mübarizələrindən bəhs edir.
Bədbəxtliklə bitən sevgi hekayəsində əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Azər Zadə, İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, aparıcı solistlər Mahir Tağızadə və Nina Makarova canlandıracaqlar.
Biletləri teatr və şəhər kassalarından, həmçinin onlayn əldə etmək mümkündür.