“Sədərək” ticərət mərkəzində fəaliyyət göstərən mağazaların sahibləri öz obyektlərini bağlı saxlayırlar. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Buna səbəb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin obyektlərdə yeni nəzarət-kassa aparatlarının quraşdırılması tələbi olub. Məlumata görə, mağaza sahibləri və icarədarlar indiyədək ticarət mərkəzinin rəhbərliyinə vergi ödədiklərini və eyni qaydada davam etmək istədiklərini bildiriblər.

“Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimin verdiyi məlumata görə, hazırda Dövlət Vergi Xidməti tərəfindən obyektlərin xəritəsi hazırlanır və bununla bağlı audit aparılır.

Dövlət Vergi Xidməti “Sədərək” ticarət mərkəzində kütləvi yoxlamaların və yeni nəzarət-kassa aparatlarının quraşdırılmasının olmadığını bildirib. Hazırda Dövlət Vergi Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən obyektlərin dislokasiyasını həyata keçirir və toplanmış məlumatların rəqəmsal xəritə infrastrukturuna emalını həyata keçirir. Dislokasiya prosesləri zamanı təsərrüfat subyektlərində fəaliyyət göstərən şəxslərin vergi uçotu, obyektlərin faktiki məlumatlarının etibarlılığı haqqında məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçirilir.