Paytaxtın Binəqədi rayonu, metronun “Azadlıq prospekti” stansiyasının çıxışında salınan park bərbad gündədir. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.

6 il öncə istifadəyə verilən park indi tanınmaz haldadır. Belə ki, parkda sökülüb dağılmış səkilər, işləməyən attraksionlar, qurumaqda olan ağacları görmək olar. Həmçinin burada işıqlandırma sistemi işləmir, oturacaqlar yoxdur, parkın yolları isə kələkötürdür.

“Yağış yağanda hərəkət etmək olmur. Yollar sürüşkən olur, bataqlıqlar yaranır. Axşam olanda da heç nə görmək mümkün deyil”, – deyə sakinlər şikayət edirlər.

Sakinlərin sözlərinə görə, parkın yanında inşaat işlərinə başlanıldıqdan sonra ərazi pis günə düşüb. Daha sonra isə heç kim bura nəzarət etməyib.

Binəqədi rayon bələdiyyəsindən məsələ ilə bağlı bildirilib ki, parkda təmir-bərpa işlərinə artıq başlanılıb və qısa zamanda yekunlaşacaq.