Badamdar yolunun 20-ci sahə adlanan ərazisində olan yol 2018-ci ildən yamacdakı sürüşmə ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti üçün bağlı olub. Hazırda bu əraziyə 300 metrlik məsafədə asfalt örtüyü çəkilib, hərəkət bərpa olunub. Ancaq yolun qalan hissəsində asfalt örtüyü bərbad vəziyyətdə qalıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.
Sakinlər təqribən 1 kilometrlik bu yolun ortasına çəkilən yarı-yarımçıq asfaltdan narazıdırlar.
“3 ildir bu yol bağlı idi. 3 ilə 300 metrlik asfalt çəkiblər. Yolun qalan hissəsi pis gündədir. Maşınlar dağıla-dağıla qalıb burada”, – deyə yerli sakin öz şikayəti bildirib.
Ərazinin aid olduğu Səbail Rayon İcra Hakimiyyətindən (RİH) bildirdilər ki, adıçəkilən yolda asfaltlama işini Fövqəladə Hallar Nazirliyi (FHN) həyata keçirib.
FHN-in əməkdaşı Pərviz Aslanov qeyd edib ki, layihə-smeta sənədlərinə əsasən, yolun yalnız 350 metr hissəsində asfalt örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Yolun qalan hissəsinin asfalt örtüyünün yenilənməsi FHN-in səlahiyyətlərinə daxil deyil.
“Azəravtoyol”un sözçüsü Anar Nəcəfli sözügedən avtomobil yolunun AAYDA-nın balansında olduğunu təsdiq edib.
“Həmin avtomobil yolu üzərində sürüşmə baş verdiyi üçün müvəqqəti olaraq bağlı idi. Təbii ki, bu yolun təmiri bu üzdən aktual deyildi, amma hal-hazırda sürüşmənin qarşısı alınıb. Sürüşmə baş verdiyi ərazi üzrə yolun müəyyən hissəsi təmir olunub. Digər hissəsinin də təmiri artıq aktuallaşıb. Bununla bağlı AAYDA tərəfindən aidiyyəti üzrə məsələ qaldırılacaq ki, həmin yolun digər hissəsində də təmir həyata keçirilsin”, – deyə Nəcəfli vurğulayıb.
