Bakının Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək hissəsində yollar təmir olunub, daş örtüyü asfaltla əvəz olunub. Təmir başa çatdıqdan sonra Şəmsi Bədəlbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki piyada zolağı salınmayıb. Nəticədə piyadalar təmirdən əvvəl olduğu kimi yolu keçərək həyatlarını riskə atırlar. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az məlumat verir.

Təmir olunan ərazidə ADNSU-nun əsas korpusu yerləşir və bu ərazidə çoxlu tələbə axını müşahidə olunur. Həmçinin metronun “28 May” stansiyasından və ya “28 Mall” ticarət mərkəzindən mərkəzə üz tutan vətəndaşlar Azadlıq prospektindən düz avtomobillərin arasından keçirlər.

Azadlıq prospektində Füzuli və Dilarə Əliyeva küçələrinin kəsişmələrində piyada zolağı olsa da, Şəmsi Bədəlbəyli küçəsində nə işıqfor, nə də zolaq mövcüddur. Bundan əlavə, daş örtüyü asfaltla əvəzlənəndən sonra avtomobillər bu ərazidə daha sürətlə hərəkət edir ki, bu da piyadalar üçün əlavə təhlükə yaradır.

Urbanistlər deyirlər ki, piyada axınının çox olduğu yerlərdə piyada keçidləri quraşdırılmalıdır. Əks halda piyadalar arasında tələfat qaçılmazdır.

Bu səbəbdən də Bakı sakinləri müvafiq qurumlardan yenidən qurulan ərazidə daha bir piyada keçidinin quraşdırılmasını xahiş edirlər.