Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsinin sakinləri şəraitsizlikdən şikayət edirlər. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
Belə ki, küçənin bir hissəsi ötən ilin dekabr ayında təmir olunub. Ərazi asfaltlanıb və yeni kanalizasiya xətti çəkilib. Ancaq küçənin digər hissəsini nəzərə alan olmayıb. 60-a yaxın evi əhatə edən ərazidə nə kanalizasiya xətti, nə də asfalt örtüyü var. Sakinlər süni kanalizasiyalar yaradırlar, nəticədə çirkab su evlərin altına dolur, bu da binalara ciddi ziyan vurur.
Sakinlərin sözlərinə görə, rəsmi qurumlar bildiriblər ki, bura neft ərazisidir. Bu səbəbdən də küçədə təmir işləri aparılmır.
“Azərsu”dan isə məsələ ilə bağlı vurğulayıblar ki, ümumiyyətlə Balaxanı qəsəbəsində yeni kanalizasiya infrastrukturu yaradılacaq. Həmin küçə də plana daxildir.