Qanlı Təpə kimi tanınan ərazi hazırkı Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yerləşib. XIX əsrin ikinci yarısından başlayaraq ərazidə insanların məskunlaşması ilə əlaqədar əhali arasında bu yerə Qanlı Təpə məhəlləsi, sonralar isə Qanlı Təpə küçəsi deyilirdi. Yerin belə adlanması burada baş vermiş tarixi döyüşlə bağlıdır.

[Səlimov-Sağani T.Q. Bakının qədim yaşayış məntəqələri. Bakı-1998]

Səfəvilər dövründə Azərbaycanın əyalət və mahalları şah tərəfindən təyin edilmiş bəylərbəyilər tərəfindən idarə olunurdu. Şəhər sultanları da onlara tabe idilər. Həmin illərdə Bakı xanlarının ulu babası Dərgahqulu bəy Bakı şəhər sultanını öldürərək hakimiyyəti öz əlinə keçirmiş, özünü hətta xan elan etmişdi. Dərgahqulu bəyin hökumət iqamətgahı Maştağada yerləşirdi. Sonralar Dərgahqulu bəyin hökmranlıq dairəsi o qədər genişlənir ki, səfəvi şahı onun hakimiyyətini təsdiq etməli olur. [Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. Bakı-2004]

Həmin illərdə dağıstanlı Hacı Davud və Surxay bəy Qazıqumuxlu Bakını ələ keçirməyə çalışırdılar. Onların bu niyyətləri birinci növbədə məzhəb ayrılığı ilə bağlı idi. Bakılılar Dağıstan hökmdarlarının gözlərində düşmən idilər və onlar şəhəri tutmaq istəyirdilər.

Lakin Dərgahqulu bəy Dağıstan qoşunlarının qala divarlarına yaxınlaşmağa çalışdıqlarını eşidib düşməni yaxına buraxmadı. O, qalanın bir tərəfində pusquda durub dağıstanlıları təpənin üstündə qarşıladı. Qanlı döyüşlər getdi. Dərgahqulu bəyin qoşunları dağıstanlıları qılıncdan keçirdilər. Qoşunun ancaq kiçik bir hissəsi qaçıb canını qurtara bildi. O vaxtdan bu təpə Qanlı Təpə adlanır. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000]