Bakının Sabunçu rayonunda həftə ərzində kənar qoşulmalarla bağlı ən azı 20-30 dayanma olur. Bu haqda bu gün, 27 yanvar tarixində “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin rəisi Rauf Əhmədova istinadən Report məlumat verib.
“Kənar qoşulmalar hal-hazırda bizim ən böyük problemlərimizdən biridir. Bu cür halların ən çox təsadüf olunduğu ərazi isə Sabunçu rayonudur. Həftə ərzində həmin ərazidə kənar qoşulmalarla bağlı ən azı 20-30 dayanma olur. Bu, çox böyük rəqəmdir. Kənar müdaxilələr təxirəsalınmaz hal olduğu üçün biz onları aradan qaldırmağa məcburuq. Bu zaman şəbəkənin yenidən normal vəziyyətə gətirilməsi üçün isə qaz təchizatını dayandırmalı oluruq. Nəticə etibarilə kənar qoşulma həyata keçirən vətəndaşların məsuliyyətsizliyinə görə böyük bir ərazidə vətəndaşlar qaz təchizatı ilə bağlı əziyyət çəkirlər”, – deyə Əhmədov əlavə edib.